Ştansforma (bıçaq): material və layihələndirmə

Karton qutunu etibarlı və möhkəm edən iki amil var – birinci seçilən materialın keyfiyyəti, ikinci isə el arasında bıçaq adlandırdığımız ştansformanın dəqiqliyi. Heç bir istehsalçı qatlama xətlərinin olmaması və ya natamam kəsim səbəbindən məhsulun qutusunun yığılmasına çox vaxt sərf etmək istəməz.

 

Bıçaqların təyinatı:

Karton qutular aşağıdakı tələblərə cavab verməlidir:

  1. Daşınma rahatlığı, anbarda və palletlərdə yerləşdirmənin mümkünlüyü, üst-üstə yığmaq imkanı.
  2. Məhsulun çəkisinə deformasiya riski olmadan dözmək imkanı.
  3. Yükləmə, boşaltma və daşınma zamanı qaçılmaz mexaniki təsirə qarşı müqavimət.
  4. Asan yığılma.

Bütün bu tələblər kostruksiyanın hazırlanması mərhələsində nəzərə alınır. İstehsalatdan sonra isə qutular çox yer tutmaması üçün müştəriyə yığılmamış şəkildə təhvil verilir. Müştəri isə öz məhsulunu istehsal etdikcə qutuları yığır və təyinatı üzrə istifadə edir. 

Karton qutunun qatlama və kəsim nöqtələrinin dəqiqliyinə bıçaqlar cavabdehdir. Bıçaqları təxminən uşaqlıqdan bizə yaxşı tanış olan peçenye kəsmək üçün istifadə olunan formalara bənzətmək olar.

Yüksək keyfiyyətli bıçaq güclü təsir etməklə kartonu əyilmələr və cırıqlar olmadan kəsir, eləcə də qatlama xətlərini əzir. 

Kiçik tirajlı (1000-5000 ədəd) qablaşmanın istehsalında bir qayda olaraq düzbucaqlı yastı bıçaqlardan istifadə olunur. Kütləvi istehsal zamanı isə rotasion bıçaqlar işlədilir. 

Bıçaqların uzun zaman işlədilməsi üçün emal olunan kartonun qalınlığından asılı olaraq müxtəlif hündürlükdə polad lentlərdən və ejektor rezinlərdən istifadə olunur. Eyni zamanda, qutularda deşiklər açmaq lazım olduqda puanson adlanan dəmir detallardan istifadə olunur.   

Bıçaqların layihələndirilməsi

Standart konstruksiyaların (dörd klapanlı, arxiv, öz-özünə yığılan qutular, televizor qabları və s.) kütləvi istehsalı üçün qablaşdırma müəssisələri müxtəlif formalı və ölçülü bıçaqlardan istifadə edirlər. Orijinal konstruksiyalı fərdi ölçülərə uyğun qutuların istehsalı üçün bıçaqlar həmin ölçülərə uyğun hazırlanır.

Bıçağın hazırlanması – dəqiq hesablamalar və qutu layihələndirmə texnologiyası barədə xüsusi bilik tələb edən bir prosesdir. Burda dizaynerin və mühəndisin əsas vəzifəsi – hazırlanacaq qutuya aid bütün parametrlərin xüsusi proqrama daxil edilməsini təmin etməkdir.

Rəqəmsal layihə yaradıldıqdan sonra onun əsasında qutuda istifadə olunacaq qofrakartondan nümunə maket hazırlanır. Sınaq nüsxəsi test edilir, texniki tapşırığa uyğunluğu yoxlanılır, müştəri ilə razılaşdırılır və yalnız bundan sonra tirajın istehsalına başlanılır. 

Materiallar

https://stanzform.ru/articles-stanzform.html
https://ksblades.ru/shtantsforma/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir