Makulaturanın təkrar emalı
Ekoloqların hesablamalarına görə, kəsilən hər ikinci ağac kağız və karton istehsalı üçün istifadə olunur. İnsanların ekoloji təmizlik istəyi kağız məhsullarına ehtiyacı artırıb. Karton qutular, qablar və digər qablaşma – bütün bunlar xammal tələb edir. Vəziyyəti kağız tullantılarını emal edən müəssisələr qismən xilas edir.
Azərbaycanda kağız məhsullarının təkrar emalı ilə bağlı vəziyyət
Azərbaycanda 2013-cü ildən etibarən Azərsun Sənaye Parkı ərazisində istehsalata başlayan Təkrar Kağız Emalı Fabriki bu sahədə ilk və hələlik yeganə müəssisədir. Fabrikdə ölkənin bütün bölgələrindən toplanmış kağız tullantıları yenidən kağız və karton halına salınır. Bu müəssisənin illik istehsal gücü 50 min tondur. Ölkənin rayonları və Bakı şəhərində 100-ə yaxın kağız toplama mərkəzi olan müəssisə 3 min tondan çox makulatura toplayaraq, yenidən istehsalata verir.
Respublikamızda kağız məhsullarının təkrar emalı sənayesi indi-indi sürət qazanır. Müəssisələri tikib işlətmək kifayət deyil, cəmiyyətə tullantıların çeşidlənməsi mədəniyyətini aşılamaq lazımdır. Bu gün karton qablaşdırma ilə məşğul olan təşkilatların əksəriyyəti işlənmiş qabları zibilxanaya aparmağa və ya yandırmağa üstünlük verir. Əhali kağız və kartonu ayrıca qaba qoymağa, sonra isə xüsusi qablara atmağa tənbəllik edir. Belə konteynerlərin hər şəhər və rayonda olmaması da vəziyyətə təsir edir. Lakin son zamanlar bu sahədə də ciddi irəliləyiş müşahidə olunur.
Təkrar emalın faydaları
Kağız məmulatlarının istehsalı üçün xammal təbii ağacdan əldə edilən sellülozadır. Sadə dildə desək, sellüloza lifləri yapışdırıcı ilə birləşdirilir və kağız alınır.
Kağız tullantılarının təkrar emalının məqsədi sellülozanı biznes üçün təkrar istifadə etməkdir. Bunun üçün kağız tullantılar xırdalanır, onlardan bütün yapışdırıcı əlavələr çıxarılır, qarışıq təmizlənir və çıxışda ikinci dərəcəli sellüloza lifləri alınır. Onların xassələri ilkin maddədən bir qədər pis olduğu üçün son məhsula müəyyən nisbətlərdə əlavə edilir.
Təkrar emal edilmiş tullantıların istifadəsi istehsal olunan kağız məmulatlarının maya dəyərini əhəmiyyətli dərəcədə azaldır və bir sıra digər üstünlüklərə malikdir.
Planetin ekosisteminin qorunması. Bir ton təkrar emal edilmiş kağız 15 yetkin ağacı xilas edir. Bu isə minlərlə heyvan və bitki növünün təbii yaşayış mühitinin qorunmasıdır.
Enerji resurslarına qənaət. İlkin sellülozanın alınması mürəkkəb və enerji tutumlu prosesdir. Kağız tullantılarının təkrar emalı isə daha az vaxt və enerji tələb edir. Bu həm müəssisələr, həm də enerji sektoru üçün sərfəlidir. Onu da qeyd edək ki, ilkin xammaldan bir ton kağız istehsalına təkrar emalla müqayisədə 3 min kilovat çox elektrik enerjisi sərf edilir. Su sərfiyyatı isə 70%-dək fərqlənir.
İstixana effektinin azaldılması. İlkin sellüloz liflərinin istehsalı böyük istilik yayılması ilə müşayiət olunur və istixana effektinin inkişafına kömək edir. Təkrar emal edilmiş sellülozanın kütləvi istifadəsi atmosferdəki istixana qazlarının səviyyəsini azaldır.
Ekoloji tələblərə cavab vermək üçün şirkətlər getdikcə ağ karton qablaşmadan imtina edir və məhsullarını qəhvəyi qutularda göndərməyə üstünlük verirlər. İş ondadır ki, lifləri ağartmaq üçün xloratlardan istifadə olunur və bu da ətraf mühitə mənfi təsir göstərir, su obyektlərinin çirklənmə dərəcəsini artırır.